Qısa cavab:
Bu suala beş cavabımız var. 1) Bu hədisin ravisi olan Əbu Hüreyrənin Əli ilə (ə) münasibəti çox da yaxşı olmamışdır. 2) Əhmədin nəql etdiyi bu rəvayət “Rədduş-şəms” hadisəsindən qabaq Həzrət Əli barəsində deyilə də bilər. 3) Günəşin “qaytarılması” ilə onun “həbs edilməsi – saxlanması” arasında fərq vardır. 4) Bəzi rəvayətlərə uyğun olaraq Günəş həm Yuşe, həm də bizim Peyğəmbər (s) üçün həbs olunmuşdur. 5) Bu rəvayətdə məqsəd budur ki, Günəş keçmiş peyğəmbərlərdən yalnız Yuşe üçün həbs olunmuşdur.
Ətraflı cavab:
İbn Kəsir “Rədduş-şəms” hədisini inkar etmək üçün Əhməd ibn Hənbəldən o da Əbu Hüreyrədən nəql edir ki, Peyğəmbər (s) belə buyurdu: “Yuşedən başqa bir kəs üçün günəş həbs olunmamışdır (hərəkətdən dayanmamışdır).” (1)
Cavabında deyirik: Birincisi budur ki, İbn Əbul-Hədidin dediyi kimi, bu hədisin ravisi olan Əbu Hüreyrənin Əli ilə (ə) münasibəti çox da yaxşı olmamışdır. (2)
İbn Əbil-Hədid nəql etdiyinə görə Müaviyə səhabə və tabeindən bir qrupunu təyin etmişdi ki, Əlinin pislənməsinə dair saxta hədislər düzəltsinlər. Onların hamısı, o cümlədən Əbu Hüreyrə bu işə görə əmək haqqı alırdılar. (3)
İkincisi, İbn Kəsirin rəvayətinin düzlüyünü fərz etsək belə, yenə də “Rədduş-şəms” hədisini saxta hesab etmək olmaz. Çünki, Əhmədin nəql etdiyi bu rəvayət “Rədduş-şəms” hadisəsindən qabaq Həzrət Əli barəsində Peyğəmbər (s) tərəfindən deyilə də bilər. (4)
Üçüncüsü, Günəşin “qaytarılması” ilə onun “həbs edilməsi – saxlanması” arasında fərq vardır. “Günəşin həbs edilməsi” dedikdə onun qüruba doğru hərəkətini dayandırmaq, “Rədduş-şəms” dedikdə isə gün batdıqdan sonra onun yenidən geri qaytarılması nəzərdə tutulur.
Dördüncüsü, bəzi rəvayətlərə uyğun olaraq Günəş həm Yuşe, həm də bizim Peyğəmbər (s) üçün həbs olunmuşdur. (5)
Beşincisi, Əsqəlanı yazır: Bu rəvayətdə məqsəd budur ki, Günəş keçmiş peyğəmbərlərdən yalnız Yuşe üçün həbs olunmuşdur. Bu da Günəşin bizim Peyğəmbərimiz (s) üçün həbs olunmadığına dəlalət etmir. (6)
Şərh qeydə alınmayıb