Qısa cavab:
Ətraflı cavab:
Sual:İslam rəvayətlərində kim bu ümmətin “Zul-qərneyn”i kimi təqdim olunur?
Cavab: Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) Əli (əleyhissalam)-ı “Zul-qərneyn” adlandırmış və camaatın hüzurunda buyurmuşdur:
یَا أَیُّهَا النَّاسُ اُوصِیکُمْ بِحُبِّ ذِی قَرْنَیْهَا أَخِی وَابْنِ عَمِّی عَلِیِّ بْنِ أَبِی طاَلِبٍ فَإِنَّهُ لَا یُحِبُّهُ إِلاَّ مُؤْمِنٌ ، وَلَا یُبْغِضُهُ إِلاَّ مُنَافِقٌ ، مَنْ أَحَبَّهُ فَقَدْ أَحَبَّنِى ، وَمَنْ أَبْغَضَهُ فَقَدْ أَبْغَضَنِی
“Ey insanlar! Sizə tövsiyə edirəm ki, bu ümmətin Zul-qərneynini, yəni qardaşım və əmim oğlu Əli ibn Əbi Talibi sevəsiniz. Çünki onu mömindən başqası sevməz, münafiqdən başqası ona kin-küdurət bəsləməz. Hər kəs onu sevsə, məni sevmişdir, hər kəs ona düşmən olsa, mənimlə düşmən olmuşdur.” (1)
Həmçinin Əliyə xitabən buyurmuşdur:
إِنَّ لَکَ فِی الْجَنَّةِ بَیْتاً ـ وَیُرْوَى: کَنْزاً ـ وَأَنْتَ لَذُو قَرْنَیْهَا
“Sənin üçün behiştdə bir ev (başqa bir rəvayətdə: bir xəzinə) vardır və sən behiştin Zul-qərneynisən.”
Hədis şərhçiləri demişlər: Hədisin mənası budur ki, bütün yer Zul-qərneynin ixtiyarında olduğu kimi, Həzrət Əli (əleyhis-səlam)-da behiştin iki tərəfinin və onu əhatə edən əzəmətli mülkün sahibidir. Yaxud da bu mənayadır ki, o, ümmətin Zul-qərneynidir, baxmayaraq ki, ümmət sözü hədisdə qeyd olunmamış, yalnız əvəzlik şəkilinə gətirilmişdir və ondan əvvəl də ümmətdən söz açılmamışdır. Bu da eynilə “hətta təvarət bil-hicab” ayəsinə bənzəyir. (2) Yəni nəhayət o, pərdə arxasında – zülmət və qaranlıq pərdəsi arxasında gözdən itib qürub etdi. (Burada Allah-taala “təvarət bil-hicab” feli ilə “günəş”ə işarə etmiş, (2) (3) amma bundan əvvəl günəşin adını çəkməmişdir.
Əbu Übeyd yazır: “Mən ikinci təfsiri, yəni o kəlmədəki əvəzliyin ümmətə qayıtdığını birincidən üstün hesab edirəm.”
Demişlər: Zul-qərneyn barəsində Əli (əleyhis-salam)-dan belə rəvayət olunmuşdur:
دَعَا قَوْمَهُ إِلَى عِبَادَةِ اللهِ تَعَالَى فَضَرَبُوهُ عَلَى قَرْنِهِ ضَرْبَتَیْنِ وَفِیکُمْ مِثْلُهُ
“O, öz qövmünu Allaha pərəstişə çağırdı, lakin onlar onun alnına iki zərbə vurdular. Sizin aranızda da onun kimi birisi vardır.”
Belə nəzərə çarpır ki, bu hədisdə Əli (əleyhis-salam) özünü nəzərdə tutmuşdur. Yəni mən camaatı haqqa doğru çağırıram, sonda başıma iki zərbə endirəcəklər və onun nəticəsində şəhid olacağam.
Sələbdən belə nəql olunur: “Məqsəd budur ki, Əli ümmətin iki böyük şəxsiyyəti və Peyğəmbərin övladları olan Həsənlə Hüseynin atasıdır.” Yaxud Zul-qərneyn bu mənayadır ki, onun başında iki yarıq və sınıq yeri vardır. Birincisi Xəndək müharibəsində Əmr ibn Əbdəvüddün vurduğu zərbə, digəri isə İbn Mulcəm (ləntətullah əleyh)-in vurduğu zərbə.”
Əbu Übeyd deyir: “Bu, yanaşmaların içində ən doğrusudur.” (4) (5)
1-“Ər-riyazun-nuzrət”, 2-ci cild, səh. 214 (3-cü cild, səh. 166); “Təzkirətus-Sibt”“, səh. 17 (28); “Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 2-ci cild, səh. 451 (9-cu cild, səh. 172), xütbə 154.
2-“Sad” surəsi, ayə: 32.
3. Ayənin mənasının xülasəsi budur ki, həzrət Süleyman (əleyhis-salam) deyir: “Mən atları o qədər sevirəm ki, onları mənə verən zaman namaz yadımdan çıxdı, namazın vaxtı keçdi və günəş qüruba endi.” Əlbəttə, Süleyman (əleyhis-salam) atları Allaha görə sevirdi. Allaha olan sevgisi atları ona sevdirirdi. Çünki Allah yolunda cihad etmək üçün onlara təlim vermək istəyirdi. Müfəssirlərin bir çoxu demişlər ki, “təvarət” kəlməsindəki əvəzlik “xeyl” kəlməsinə qayıdır və onda ayənin mənası belə olur: “Süleyman atlara böyük maraq göstərirdi, onlara qulluq edər sonra atlar üfüqdə itənə qədər onlara tamaşa edərdi.” (bax: “Əl-mizan” təfsiri, 17-ci cild, səh. 203)
4-“Nəvadirul-usul”, Həkim Tirmizi, səh. 307 (2-ci cild, səh. 187), 241-ci maddə; “Əl-Mustədrəku ələs-Səhiheyn”, Hakim Nişapuri, 3-cü cild, səh. 123 (3-cü cild, səh. 133), hədis: 4623; “Ər-riyazun-nuzrət”, 2-ci cild, səh. 210 (3-cü cild, səh. 161); “Ənnihayə”, İbn Əsir, 3-cü cild, səh. 278 (4-cü cild, səh. 51); “Lisanul-ərəb”, 17-ci cild, səh. 210 (11-ci cild, səh. 136); “Kənzul-ummal”, 1-ci cild, səh. 254 (2-ci cild, səh. 456-457), hədis: 4491-4493.
5-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 573.
Şərh qeydə alınmayıb