Qısa cavab:
Ətraflı cavab:
Sual:Ömər ibn Xəttabın Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən hədis nəql olunmasına münasibəti necə idi?
Cavab: Təbərinin rəvayətində (1) nəql olunanlara görə Ömər daim deyərdi:
جرّدوا القرآن ولاتفسّروه ، وأقلّوا الروایة عن رسول الله(صلى الله علیه وآله) وأناشریککم
“Nə qədər ki, sizin aranızdayam Quranı birbaşa oxuyun və təfsir etməyin, Peyğəmbərdən az hədis nəql edin!” (2)
Təbərani, İbrahim ibn Əbdur-Rəhmandan belə nəql edir: “Ömər üç nəfəri: İbn Məsudu, Əbu Dərdanı və Əbu Məsud Ənsarini həbs edib zindana saldı və dedi: “Siz Peyğəmbərdən hədis nəql etməkdə həddinizi aşmısınız!” Onları şəhadətə çatdığı vaxta qədər Mədinədə həbs etdi.” (3)
Zəhəbi “Təzkirə” kitabında (4) Əbu Səlmədən belə nəql edir: Əbu Hüreyrədən soruşdum: “Ömərin dövründə də bu qədər rəvayət nəql edirdin?!” Əbu Hüreyrə dedi: “Əgər Ömərin dövründə indiki qədər hədis desəydim şübhəsiz, öz şallağı ilə canıma düşərdi!”
Əbu Hüreyrə deyirdi: “Ömər həyatda ikən “Peyğəmbər belə buyurmuşdur...” - deməyə cürət etmirdim.” (5)
Habelə ”Ürvə”dən belə nəql olunur: Ömər Peyğəmbərin rəvayətlərini və sünnətini yazıb qeydə almaq qərarına gəldi. Səhabələrin də bu barədə rəylərini öyrənmək istədi. Onlar dedilər ki, yazılsın. Lakin Ömər bir ay müddətində daim istixarə edir və Allahdan istəyirdi ki, xeyir yolunu ona göstərsin. Nəhayət, bir gün öz qəti qərarını verib dedi:
إنّی کنت اُریدأن أکتب السنن ، و إنّی ذکرت قوماً کانوا قبلکم کتبوا کتاباً فأکبّوا علیها وترکواکتاب الله ، وإنّی والله لا أشوب کتاب الله بشیء أبداً
“Mən qərara almışdım ki, Peyğəmbərin rəvayət və hədislərini qələmə alıb yazım. Lakin keçmiş qövmlərin taleyinə nəzər salanda gördüm ki, sizdən əvvəl bir qrup insanlar kitab yazmış, başları ona qarışmış və Allahın kitabını unutmuşlar. Allaha and olsun! Mən Allahın kitabını heç vaxt başqa şeylə qarışdırmayacağam!” (6)
Sual yaranır: “Kövsər” hovuzunda Peyğəmbərə çatana qədər sünnətin Allahın kitabından ayrılmayacağını, eləcə də “camaatın sünnətə olan ehtiyacı Qurana olan ehtiyacından az deyildir”, eləcə də Ovzainin və Məkhulun dediyinə əsasən “Kitabın sünnətə olan ehtiyacı sünnətin Kitaba olan ehtiyacından qat-qat çoxdur” - deyə bəyan edən rəvayətlər ikinci xəlifədən məxfi qalmışdımı?! (7) Ömərin Peyğəmbərdən nəql olunan hədislərin qarşısını almağını necə izah etmək olar?! Halbuki onun özü deyirdi: “Peyğəmbərdən nəql olunan rəvayət və sünnətlərə sarıldığımız ikən heç vaxt yolumuzu azmarıq!” Bu iki əməli necə izah etmək olar?! Müsəlmanlar onu sözünə tabe olmalıdır, yoxsa əməlinə?! (9)
1-“Tarixul-uməmi vəl-muluk”, 4-cü cild, səh. 204, 23-cü ilin hadisələri.
2-“Nəhcul-bəlağə”nin şərhi, İbn Əbil-Hədid, 3-cü cild, səh. 120 (12-ci cild, səh. 93), xütbə 223
3-“Təzkirətul-huffaz”, 1-ci cild, səh. 7 (nömrə: 2); “Məcməuz-zəvaid”, 1-ci cild, səh. 149. və Yunis bu kitaba yazdığı haşiyəsində onu səhih bilmiş və demişdir “Bu mətləb Ömərdəndir və çoxlu səhih təriqlərlə nəql olunmuşdur. Ömər hədis nəql edilməsi barəsində çox tələbkarlıq edirdi.”
4-“Təzkirətul-huffaz”, 1-ci cild, səh. 7.
5-“Əl-bidayətu vən-nihayə”, 8-ci cild, səh. 107 (8-ci cild, səh. 115), 59-cu ilin hadisələri.
6-“Təbəqat”, İbn Səd, 3-cü cild, səh. 206 (3-cü cild, səh. 287), “Muxtəsəru Camiu bəyanil-elm”, səh. 33 (6), hədis: 58.
7-“Camiu bəyanil-elm”, 2-ci cild, səh. 191 (səh. 429), hədis: 2071 və 2073.
8-“Siyrətu Ömər”, İbn Covzi, səh. 107 (116).
9-Şəfii, Şahrudi, “Əl-Qədir”in mühüm fəsilləri, səh. 567.
Şərh qeydə alınmayıb